Şirvanda virusa qarşı profilaktik tədbirlər davam etdirilir
Şirvan, 4 may, Mahir Babayev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejminin uzadılması və tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarından irəli gələn vəzifələrlə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib.
Müşavirəyə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər bələdiyyəsinin sədri, xidmət təşkilatlarının rəhbərləri və icra nümayəndələri qatılıblar.
İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, onlayn müşavirədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 1-də keçirdiyi iclasda qəbul olunan qərarlar barədə geniş məlumat verib.
İ.Abbasov Nazirlər Kabineti yanında Operativ Qərərgahın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı respublikadakı mövcud sanitar-epidemioloji vəziyyəti, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri barədə danışaraq xüsusi karantin rejiminin 31 may tarixinədək uzadıldığını, virusa yoluxma və xəstələrin sağalma dinamikasını nəzərə alıb tətbiq edilən məhdudiyyətin yumşaldılmasına dair müvafiq qərar qəbul olunduğunu diqqətə çatdırıb.
İcra başçısı videomüşavirə iştirakçılarını xüsusi karantin rejimində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasından arxayınlaşmamağa çağırıb. Xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Şirvan şəhəri üzrə Operativ Qərargahın yaradıldığını, şəhər ərazisində profilaktik tədbirlərin gücləndirilmiş iş rejimində davam etdirildiyini bildirib
Videomüşavirədə çıxış edənlər öz fəaliyyət sahələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində gördükləri işlər və həyata keçirilən qabaqlayıcı tədbirlər barədə danışıblar.
Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Operativ Qərargahın qərarına müvafiq olaraq Şirvan şəhəri ərazisində xüsusi karantin rejiminin tələblərinə və sanitariya-gigiyena qaydalarına bundan sonra da ciddi riayət edilməsinə nəzarət işlərinin və profilaktik tədbirlərin davam etdirilməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.