Siyəzəndə karantin rejiminin tələblərinə əməl etməyən şəxslər aşkarlanıb
Siyəzən, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının qarşısının alınması məqsədilə müəyyən etdiyi qaydaların yerinə yetirilməsi istiqamətində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə, eləcə də ictimai nəqliyyatda bəzi vətəndaşların karantin rejiminin tələblərinə əməl etmədiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.