CƏMİYYƏT
Sizin verdiyiniz qan bir azyaşlını həyata qaytara bilər
Bakı, 23 iyul (AZƏRTAC). Biz qan verməkdə tərəddüd edərkən qana ehtiyacı olan bir körpə həyatını iztirab içərisində itirə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov ictimaiyyətə müraciətində səsləndirib.
Assosiasiyasının sədri bildirib ki, Azərbaycanda irsi qan xəstəliyindən əziyyət çəkən çoxlu sayda uşaq donor qanı ilə yaşayır. Odur ki, şiddətli istilərin keçməsinə baxmayaraq könüllü qanvermə aksiyalarına fasilə verməməliyik. Hər kəs öz ailə üzvünü, dostlarını, qonşularını və iş yoldaşlarını bu aksiyaya dəvət edərsə, qanla bağlı sıxıntı yaşamarıq. Könüllü qanvermədə Mərkəzi Qan Bankına dəstək olmalıyıq.
Müraciət bu sözlərlə bitir: ”Övladlarımızı ölümün pəncəsindən qurtarmaq üçün qan verək. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Mərkəzi Qan Bankına getmək lazımdır. Unutmayın ki, sizin verdiyiniz qan bir azyaşlını həyata qaytara bilər.”