Şizofreniya xəstəliyinin əsasında düşüncə və qavrayışın pozulması dayanır
Bakı, 15 iyul, AZƏRTAC
Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. Psixoz isə reallığı qiymətləndirmə bacarığının itirilməsi deməkdir. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir. Şizofreniya terminini elmə ilk dəfə isveçrəli psixiatr Eigen Bleyler gətirib.
AZƏRTAC “Study Finds” tibbi saytına istinadla bildirir ki, şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı intellektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarəetmə bacarığı itirilir. Bu xəstəliyin başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geriqalma, işdə, ailədə, dostları arasındakı münasibətlərdə problemlər yaranır.
Tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə kimi əsası olmayan düşüncələr, hallüsinasiyalar, olmayan varlıqların gözə görünməsi, əmr verən, danlayan və ya öz aralarında danışılan səslərin eşidilməsi kimi halların yaşanması xəstəliyin simptomlarına daxildir.
Xəstəlik zamanı danışıq qabiliyyətində pozulma, hərəkətlərdə yavaşlama, emosiyaların azalması, özünəqapanma, az danışmaq və ya susmaq kimi hallar yaşanır.
Şizofreniyanın ilkin mərhələsində dərmanlar və psixoloq seansları xəstəliyin müalicəsində uğurlu nəticələr verir. Xəstənin vəziyyəti stabilləşir. Erkən mərhələdə qoyulan diaqnoz və müalicə ilə xəstələrin çoxu mövcud işlərinə, ailə vəziyyətinə davam edə bilir. Şizofreniya diaqnozu daha gec qoyulduqda və ya müalicələrdə axsamalar olduqda bu hal xronik vəziyyətə keçir.