“Smart Customs” mobil tətbiqinin yeni versiyasına bir çox funksiyalar əlavə edilib
Bakı, 23 dekabr, AZƏRTAC
“Smart Customs” mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyası ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov məlumat verib.
O bildirib ki, yeni versiyaya bir çox funksionallıqlar əlavə edilib. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bildirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də izləyə biləcəklər. Eyni zamanda, “e.customs.gov.az” portalında daha çox istifadə edilən elektron xidmətlərin mobil versiyaları “Smart Customs” mobil tətbiqi üzərindən təqdim olunur. Hazırda istifadəyə verilmiş 13 elektron xidmətdən 5-i mobil tətbiqə inteqrasiya edilib.
Qeyd edək ki, cari ilin 11 ayında Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı 10 milyon 832 mindən çox olub.
Bu müddət ərzində təkcə “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən 5 milyon 557 mindən çox Elektron Ticarət Bəyannaməsi gömrük orqanlarına təqdim edilib. Ümumilikdə 166 min nəfərdən çox istifadəçi Portalda qeydiyyatdan keçib. Mobil tətbiq istifadəçilərinin sayı 358 min nəfərdən çoxdur. Onlardan 222 min nəfəri “Android”, 136 min nəfəri isə “iOS” platformasının istifadəçiləridir.