CƏMİYYƏT
Smartfonlar uşaqların emosiyaları fərqləndirmələrinə mane olur
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, belə bir qənaətə bir sıra eksperimentlərdən sonra ABŞ-ın Kaliforniya Universitetinin mütəxəssisləri gəliblər. Tədqiqatda iştirak edən 100 uşağı iki qrupa ayırıblar. Eksperiment çərçivəsində birinci qrupdakı uşaqlara telefondan daim istifadə etmək təklif olunub, ikinci qrupa daxil olan uşaqları isə təmiz havada oynamaq və əylənmək üçün təbiətin qoynuna çıxarıblar. Eksperiment 5 gün davam edib.
Tədqiqatın sonunda alimlər müəyyən ediblər ki, bütün vaxtlarını mobil telefonla keçirən birinci qrupdakı uşaqlar şəxsi emosiyalarını ifadə etməkdə çətinlik çəkiblər və bəzən isə həmsöhbətin nələr hiss etdiyini anlaya bilməyiblər.
Uşaqların yaşıdları ilə canlı ünsiyyətdə olması onların kommunikasiya vərdişlərini inkişaf etdirir, halbuki uşağın virtual əyləncələr aləmində olması onların sosiallaşmasının qarşısını alır. Nəticədə böyüməkdə olan nəsil külli miqdarda faydalı informasiya əldə etsə də, uşaq yaşları üçün çox əhəmiyyətli olan canlı ünsiyyətdən məhrum olur.