SOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 27-ci “Türkmənistanın nefti və qazı - 2022” beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə Türkmənistanın paytaxtı Aşqabada səfər edib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “Türkmənistanın nefti və qazı - 2022” beynəlxalq sərgi və konfransının “Enerjinin gələcəyi - yeni çağırışlar və imkanlar” mövzusunda keçirilən plenar sessiyasında çıxış edən Rövşən Nəcəf Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından danışıb, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun ölkələrimiz üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq baxımından yeni imkanlar açdığını vurğulayıb.
SOCAR prezidenti Cənub Qaz Dəhlizinin ölkəmiz ilə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Bu günədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən Rövşən Nəcəf, həmçinin SOCAR-ın neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə danışıb.