SOCAR təbii qazın idxalından ixrac üçün belə imtina edib
Bakı, 29 yanvar, AZƏRTAC
SOCAR təbii qazın idxalından ixrac üçün belə imtina edib.
Bu barədə AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“SOCAR üçün Azərbaycan bazarı mütləq prioritet olduğuna görə, şirkət əvvəlki illərdə də hasil etdiyi qazın demək olar ki, bütün həcmlərini daxili bazarın tələbatına yönəldib. Əlavə olaraq, xarici ölkələrdən, üçüncü tərəflərdən alınan qaz həcmləri isə ixrac məqsədilə istifadə olunub. Həmin həcmlər yay aylarında qaz anbarlarına vurulurdu. Qaz anbarlarının kommersiya potensialından məhz bu cür istifadə olunurdu. Qış aylarında isə qaza tələbat yüksək olduğu dövrdə həmin idxal olunmuş və üçüncü tərəflərdən alınmış qaz təkrar ixrac edilirdi. Ötən il Azərbaycanda qaz hasilatı artdığına görə əvvəlki illərdən daha çox anbarlara qaz vurulub. Belə ki, 3,1 milyard kubmetrdən çox qaz anbarlara vurulub və qış üçün tədarük edilib. Bu da əvvəlki illərin müvafiq göstəricindən daha yüksəkdir. Bununla da, 2019-2020-ci il üçün qazın idxalına ehtiyac qalmayıb. Hətta SOCAR qazın idxalından ixrac üçün belə imtina edib. Qaz anbarları ölkədə hasil olunan qazla doldurulduğuna görə qaz anbarlarında yer qalmayıb”, - deyə o bildirib.
“Hazırda respublikada qaz qıtlığı yoxdur. Respublikanın ötən il üzrə ümumi tələbatı 11,2 milyard kubmetr təşkil edib. Bu tələbat SOCAR tərəfindən tam qarşılanıb. Hələ əlavə olaraq 2 milyard kubmetr qaz qaz anbarlarına əlavə olunub. 1,4 milyard kubmetr SOCAR tərəfindən birbaşa ixrac olunub. SOCAR öz sərəncamında olan qazın 89 faizindən çox hissəsini məhz daxili bazarın tələbatı üçün istifadə edib”, - deyə İ.Əhmədov əlavə edib.
“Bəzi məntəqələrdə, istehlakçılarda qaz təchizatı, tədarükü, nəqli ilə bağlı hər hansı problem yaranırsa, bu, o demək deyil ki, respublikada qaz yoxdur. Bunun əsas səbəbi infrastruktur məsələlərində yaranan müvəqqəti problemlərlə bağlıdır. Məsələn, bu borularda, boru kəmərlərində, xüsusilə əhalinin yenicə sıx məskunlaşdığı və əhalinin sıxlığının daha çox artdığı regionlarda belə problemlər yarana bilər. Bunun üçün "Azəriqaz" İB tərəfindən müvafiq tədbirlər aparılır. Bunun qaz ehtiyatları ilə heç bir əlaqəsi yoxdur. Bu daha çox boru şəbəkəsi ilə bağlıdır ki, aradan qaldırılır”, - deyə SOCAR rəsmisi vurğulayıb.
“Növbəti illərdə ölkədə qaz ehtiyatı və hasil olunan qaz daha da artacaq. Hazırda biz yeni yataqları işləməkdəyik. “Abşeron” yatağının 1-ci və 2-ci fazasından qaz həcmləri əsasən daxili bazarda tələbat üçün nəzərdə tutulur. Biz bilirik ki, növbəti illərdə qaz tələbatı kimya sənayesi sayəsində və ümumi istehlakın artımı nəticəsində daha da çoxala bilər. Buna biz tam hazırıq. İxrac öhdəliklərini də yerinə yetirməyə hazırıq. Bunun üçün Azərbaycanda hasil olunan qaz kifayət edir, zəruri olan həcmdən də çoxdur. Buna görə də qazın idxalına ehtiyac qalmayıb”, - deyə o qeyd edib.