Soçidə “Qocalmanın və uzunömürlülüyün genetikası” mövzusunda beynəlxalq konfrans işə başlayır
Bakı, 7 aprel (AZƏRTAC). Bir sıra ölkələrin insan ömrünün uzadılması ilə məşğul olan alimləri “Qocalmanın və uzunömürlülüyün genetikası” mövzusunda üçüncü beynəlxalq konfransda iştirak etmək üçün Soçiyə gəlirlər.
Tədbirin təşkilatçısı, Rusiyanın elmi tədqiqatları dəstəkləyən “Ömrün uzadılması üçün elm” fondundan bildirmişlər ki, onlarla ölkənin təmsilçilərinin qocalmanın və uzunömürlülüyün mexanizmlərini, xərçəngin və yaşlılıq xəstəliklərinin mahiyyətini müzakirə edəcəkləri ehtimal olunur.
Qocalma prosesinin öyrənilməsinə töhfələr vermiş, insan həyatının keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmiş, ömrün uzadılması sahəsində dünya ekspertləri konfransda məruzələrlə çıxış edəcəklər.
Təşkilatçılar bildirmişlər ki, hazırda bir çox tədqiqatçılar qocalmaya ölümcül xəstəlik kimi baxırlar. Bu xəstəliyin bioloji səbəblərini aradan qaldırmaq mümkün olsa, insanı ondan müalicə etmək olar. Başlıca səbəblər genlərin işi ilə əlaqədardır. Qocalma mexanizmlərinin vahid xəritəsinin yaradılmasının və ömrün uzadılmasına yönəlmiş ümumi fəaliyyət proqramının işlənməsinin vaxtı çatmışdır.
Aprelin 10-dək davam edəcək konfransın proqramına elmi məruzələr və diskussiyalar, onkoloji xəstəliklər əleyhinə dərmanların və ömrün uzadılması üçün vasitələrin istehsalı sahəsində ixtisaslaşmış əczaçılıq şirkətlərinin yeni preparatlarının təqdimatları daxildir.