Son 5 ildə Şəkidə 60 subartezian və artezian quyusu qazılıb
Şəki, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.
Azərbaycan Prezidentinin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, 2014-2018-ci illər ərzində Şəki rayonunda 60 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində yüz hektarlarla əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə təkcə 2018-ci ildə Şəki rayonunun ərazisində 13 subartezian quyusu qazılaraq istismara verilib. Hazırda Şəki Subartezian Quyularının İstismarı İdarəsinin balansında 171 ədəd subartezian və artezian quyusu var. Bu quyular vasitəsilə 2668 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb. Bundan əlavə, suvarma işlərinin tələb olunan səviyyədə təşkil edilməsi məqsədilə 2018-ci ildə Əyriçay su anbarından, həmçinin mövcud suvarma şəbəkələrindən əkin sahələrinə 100 milyon kubmetrdən çox suvarma suyu verilib.