SON MƏNZİLƏ
AZƏRTAC xəbər verir ki, aprelin 8-də ölkəmizin elmi ictimaiyyəti tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, akademik Vahid Cəlal oğlu Hacıyevi son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun matəmsayağı bəzədilmiş salonunda postament üzərinə qoyulmuşdu. Postamentin qarşısına əklillər və gül dəstələri düzülmüşdü.
Mərhumun doğmaları, elm xadimləri institutun binasına gəlir, alimə son borclarını verirdilər. Salonda həzin matəm musiqisi səslənirdi. Alimlər, ictimaiyyətin nümayəndələri cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Matəm mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, ölkəmizin elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Elmimizə, təhsilimizə böyük töhfələr vermiş akademik Vahid Hacıyev ömrünün 81-ci ilində vəfat etmişdir.
Alimin mənalı həyat yolundan, elmi nailiyyətlərindən danışan natiq qeyd etmişdir ki, akademik Vahid Hacıyev botanika elminin inkişafında mühüm xidmətlər göstərmiş, bu sahədə geniş elmi-tədqiqatlar aparmış, uğurlu nəticələr əldə etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasında və digər qurumlarda uzun illər müxtəlif vəzifələrdə çalışan akademik Vahid Hacıyev 1988-ci ildən ömrünün sonunadək AMEA-nın Botanika İnstitutunun direktoru olmuşdur.
Vahid Hacıyev 1952-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Vahid Hacıyevin elmi fəaliyyəti əsasən Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənlərinin hərtərəfli və dəqiq geobotaniki tədqiqini əhatə etməklə, ölkəmizdə bu elm sahəsinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Vahid Hacıyev öz əsərlərində geobotanikanın ən müxtəlif sahələrinə, o cümlədən rayonlaşdırma, xəritələşdirmə, təsnifat, bitki ehtiyatları və onların qorunması məsələlərinə geniş yer ayırmışdır.
Akademik Vahid Hacıyevin elmi nəticələri respublikamızda və xarici ölkələrdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə, o cümlədən 10 monoqrafiyada öz əksini tapmışdır. Alimin rəhbərliyi altında 5 doktorluq və 40-dək namizədlik dissertasiyaları müdafiə olunmuşdur. O, bir sıra xarici ölkələrdə keçirilən elmi konfranslarda da Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Müasir Azərbaycanda geobotanika məktəbinin formalaşdırılmasında xidmətləri olan Vahid Hacıyev yüksək ixtisaslı kadrların hazırlanmasında da var qüvvəsini əsirgəməmişdir.
Akademik Vahid Hacıyev elm sahəsindəki səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Matəm mərasimində AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və digər alimlər də mərhum akademik Vahid Hacıyevin elmi irsinin, əsərlərinin əhəmiyyətindən, nəcib insani keyfiyyətlərindən bəhs edərək, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulamışlar.
X X X
Akademik Vahid Hacıyevin cənazəsi institutun binasından
qaldırılaraq İkinci Fəxri xiyabana gətirilmişdir. Burada mərhumun ruhuna dua oxunmuşdur. Tanınmış alim və səmimi insan, akademik Vahid Hacıyevin cənazəsi torpağa tapşırılmışdır. Məzarın üzərinə gül dəstələri düzülmüşdür.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
######
![]() |
![]() |

