Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının prezidenti Azərbaycan Universitetində
Bakı, 25 aprel, AZƏRTAC
Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının prezidenti Annamaria Campanini Azərbaycan Universitetində sosial işin təşkili kafedrasının qonağı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə kafedranın müdiri Aygün Musayeva, beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Azərbaycan Sosial iş İctimai Birliyinin icraçı direktoru Lamiyə Rzayeva iştirak ediblər.
Görüşdə sosial iş təhsilinin milli standartlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan Universitetinin beynəlxalq birliyə üzvlüyü də müzakirə mövzusu olub və nümayəndələrimizə təşkilata üzv olmağın üstünlükləri haqqında məlumat verilib.
Bildirilib ki, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası 1928-ci ildə yaradılıb. Qurumun əsas missiyası dünya miqyasında sosial iş təhsilini təmsil və təşviq etmək, sosial iş təhsili sahəsində qlobal standartları hazırlamaq, sosial iş müəllimlərinin və sosial işçilərin birliyini yaratmaqdır.