Sosial şəbəkələrdən istifadəyə nəzarət olunması müsbət nəticələr verə bilər - ekspert
Bakı, 2 dekabr, Sevda Cəfərova, AZƏRTAC
Sosial media artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu reallıqdan kənarda durmaq mümkün deyil. Sosial şəbəkələr vasitəsilə təhsilini, işini və karyerasını quran kifayət qədər insan var. Bu səbəbdən sosial şəbəkələrin ləğvi və ya qadağan olunması barədə düşünmək yel dəyirmanı ilə döyüşməyə bənzəyir.
Bunu AZƏRTAC-a açıqlamasında sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdən daha səmərəli istifadə üçün bu fəaliyyət sahəsini tənzimləyən ayrıca qanuna ehtiyac var: “Qanunda həm uşaqlar, həm də böyüklər üçün istifadəyə dair müddət məhdudiyyəti müəyyən edilməli, eyni zamanda, süzgəc mexanizmi tətbiq olunmalıdır. Hansı məlumatların sosial şəbəkəyə buraxıla biləcəyi, hansının buraxılmayacağı göstərilməlidir. Hüquqa və əxlaqazidd paylaşımlar uşaqların və yeniyetmələrin sosiallaşmasına mənfi təsir göstərməməli, cəmiyyətin dəyərlərini sarsıtmamalıdır”.
Ekspert bildirir ki, bir çox ölkələrdə sosial şəbəkələrə dair sərt məhdudiyyətlər mövcuddur. Onun sözlərinə görə, innovativ texnologiyalara malik olan Çində belə bəzi sosial platformalar qadağandır: “TikTok” Çində yaranmasına baxmayaraq, ölkə daxilində istifadəsi məhdudlaşdırılıb. Onun analoqundan istifadə olunur və zaman limiti tətbiq edilir. Uşaqlar üçün 45 dəqiqəlik, böyüklər üçün isə ayrıca vaxt həddi müəyyən edilib. Çin tədqiqatçıları hesab edir ki, “TikTok” uşaqlarda düşüncə sindromu yaradır, analitik təfəkkürü zəiflədir. Böyüklərdə isə əmək enerjisinin azalmasına səbəb olur”.
Üzeyir Şəfiyev əlavə edib ki, sosial şəbəkələrdən istifadə Avropa İttifaqı ölkələrində də dövlət məmurları üçün məhdudlaşdırılıb. Türkiyədə isə sosial media fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul edilib və orada da vaxt limiti tətbiq olunur.
Ekspert sosial şəbəkələrin həm mənfi, həm də müsbət tərəflərinin olduğunu xatırladaraq məşhur iş adamı Bill Qeytsin fikrini misal çəkib: “Bill Qeyts müsahibələrinin birində bildirib ki, sosial şəbəkələr dövründə doğulsaydı, 3,5 trilyon dollarlıq sərvət sahibi ola bilməzdi. Çünki sosial şəbəkələr vaxtı alır, özünəinkişafa mane olur. O deyir ki, vaxtilə özünə qapanıb oxumağa, inkişaf etməyə, gələcəyini planlaşdırmağa zaman ayırırdı”.
Sosioloq xüsusilə gənclərə və yeniyetmələrə daha çox kitab oxumağı məsləhət görüb: “Sosial şəbəkələrdə həddindən artıq vaxt keçirən insanlarda real həyatda ünsiyyət və anlama problemi yaranır. Həm böyüklər, həm də uşaqlar sosial media istifadəsində limitə riayət etməlidir. Uşaqların və yeniyetmələrin asudə vaxtı daha çox real oyunlara və faydalı məşğuliyyətlərə yönləndirilməlidir. Həyat sosial şəbəkələrdən ibarət deyil, daha geniş və daha məzmunludur”.