Şotlandiya məhkəməsi Boris Consonun qərarına veto qoymaqdan imtina edib
Bakı, 30 avqust, AZƏRTAC
Şotlandiya məhkəməsi Böyük Britaniyanın Baş Naziri Boris Consonun Böyük Britaniya parlamentinin işinin dayandırılması barədə qərarının qanuna uyğun olmasına dair iddiaya baxıb.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, məhkəmə Birləşmiş Krallıqların İcmalar və Lordlar palatalarının 75 deputatının vəkillərinin Baş Nazir Boris Consonun qərarına müvəqqəti veto qoyulması barədə iddiasını təmin etməyib. Hakim Reymond Doerti onların iddialarının təmin edilməsi üçün “inandırıcı əsaslar” olmadığını bildirib. Beləliklə, Edinburq məhkəməsi qərara alıb ki, bu məsələyə təkrar baxılması geniş dinləmələr başa çatanadək - sentyabrın 6-dək təxirə salınsın.
Brexit əleyhdarları London və Belfastda da parlamentin fəaliyyətini bərpa etmək üçün analoji hüquqi prosedurlara başlayıblar.
Xatırladaq ki, Britaniyanın müxalifət partiyalarını təmsil edən 70 vəkildən ibarət qrup avqustun 29-da Şotlandiya məhkəməsində Consonun qərarının qanuna zidd olduğunu sübut etmək məqsədilə iddia qaldırıblar. Vəkillər bildiriblər ki, Baş Nazirin parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı Kraliçaya müraciət etmək səlahiyyəti yoxdur.