Şotlandiya məhkəməsində Boris Consonun qərarı ilə bağlı dinləmələr keçirilir
Bakı, 29 avqust, AZƏRTAC
Bu gün Şotlandiya məhkəməsi Böyük Britaniyanın Baş Naziri Boris Consonun Böyük Britaniya parlamentinin işinin dayandırılması barədə qərarının qanuna uyğun olmasına dair iddiaya baxır. Sözügedən qərar “sərt” Brexitin parlament tərəfindən rədd edilməsinin qarşısını almağa hesablanıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Baş Nazir Conson bu qərarını Brexit ərəfəsində ölkədə baş verə biləcək siyasi böhranı əngəlləmək üçün verdiyini bildirib. O əlavə edib ki, Britaniya dünyanın ən böyük ticarət blokunu oktyabrın 31-də sazişlə və yaz sazişsiz tərk edəcək. Hüquqşünaslar və müxalifət bu qərarın qanuni əsasının olmadığını bildirir və onunla bağlı məhkəmə iddiası qaldırılıb.
Britaniyanın müxalifət partiyalarını təmsil edən 70 vəkildən ibarət qrup Şotlandiya məhkəməsində Consonun qərarının qanuna zidd olduğu iddiasını müdafiə edəcək. Vəkillər bildiriblər ki, Baş Nazirin parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı Kraliçaya müraciət etmək səlahiyyəti yoxdur.
Şotlandiya Milli Partiyasının vəkili Coanna Çerri Reuters agentliyinə müsahibəsində deyib qeyd edib ki, onların məqsədi məhkəmədə Baş Nazirin qərarının ləğv olunmasına dair qərar çıxarılmasıdır. Vəkil əlavə edib ki, hakimlər qərarın qanuni qüvvəsinin dayandırılması üçün geniş dinləmələr keçirəcəklər.