Şotlandiyanın müstəqillik referendumuna dair müraciət Böyük Britaniya Ali Məhkəməsində rədd edilib
London, 23 noyabr, AZƏRTAC
Şotlandiyanın müstəqillik referendumuna dair müraciət Böyük Britaniya Ali Məhkəməsində rədd edilib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Ali Məhkəməsi Şotlandiya hökumətinin Böyük Britaniya parlamentinin təsdiqi olmadan ikinci müstəqillik referendumunun keçirilməsi tələbini yekdilliklə rədd edib.
Məhkəmənin qərarını oxuyan hakim Lord Rid bildirib ki, Şotlandiyaya özünüidarə hüququ verən konstitusiya tənzimləməsinə əsasən, Şotlandiya Parlamentinin səlahiyyətləri məhduddur və iki ölkə arasında birliyin taleyi ilə əlaqədar məsələlərdə Londonda Böyük Britaniya Parlamentinə verilən səlahiyyətlərdən istifadə edə bilməz.
2014-cü ildə Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilib və seçicilərin 55 faizi Böyük Britaniyada qalmağa səs verib.
Böyük Britaniya hökuməti ikinci referendumun keçirilməsinə qarşıdır. Bununla belə, Şotlandiya Milli Partiyası regional administrasiyada, 2016-cı ildə Brexit referendumunda şotland seçicilərin Avropa İttifaqından çıxmağın əleyhinə səs verdiyinə diqqət çəkərək, şərtlərin kökündən dəyişdiyini və yenidən referendum hüququnun ortaya çıxdığını müdafiə edir.
Regional administrasiyanın Baş naziri Nikola Stercen referendumun gələn il oktyabrın 19-da keçirilməsini təklif etsə də, Britaniya hökuməti bunu təsdiqləməkdən imtina edib.
Mühafizəkar hökumətin liderləri, o cümlədən son Baş nazir Rişi Sunak, ölkə daxilində yüksək inflyasiya böhranı və xaricdəki Ukrayna müharibəsi ilə mübarizə apararkən, ölkənin müstəqillik referendumunu keçirə bilməyəcəyini və 2014-cü il referendumunun nəticəsinə hörmət edilməli olduğunu bildirmişdi.
Məhkəmənin qərarı və Şotlandiya administrasiyasının Baş naziri Nikola Stercenin şərhindən sonra Şotlandiyanın bir çox şəhər və qəsəbələrində nümayişlərin keçirilməsi planlaşdırılır.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London