“Startap Azərbaycan-2016”nın qaliblərinə mükafatlar təqdim olunub
Bakı, 1 iyun, Elvira Məmmədova, AZƏRTAC
“Startap Azərbaycan-2016”nın qaliblərinə mükafatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyunun 1-də Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə “Startap Azərbaycan-2016”nın yekun təqdimatı və “Azərbaycanın startap ekosistemi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, 2012-ci ildən fəaliyyət göstərən layihənin məqsədi milli startapların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə startap görüşlərinin, startap günlərinin və investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) İnformasiya Texnologiyalarının İnkişafına Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov İnnovativ sahibkarlığa kömək məqsədilə yaradılan fondun fəaliyyəti, gördüyü işlər barədə məlumat verib.
RYTN-in Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov Startap Azərbaycanın tədbirlərinin ölkədə bu sahənin inkişafın töhfələr verdiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, bu il müsabiqəyə 45 startap layihəsi müraciət etsə də, qaydalara uyğun olan 20 layihə müsabiqəyə buraxılıb. İkimərhələli qiymətləndirmə keçirilib. Qaliblər 10 yarımfinalçı startap arasından seçilib. Bu il həyata keçirilən Startap Azərbaycan tədbirləri çərçivəsində Gəncə Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevirdə tələbə-gənclərlə görüşlər keçirilib, informasiya texnologiyalarının İnkişafına Dəstək Fondu ilə birgə ölkənin startap ekosistem iştirakçılarının toplantısı, həmçinin müsabiqəyə qatılan startap komandaları üçün təlimlər təşkil olunub. Eyni zamanda, mentorlarla görüşlər keçirilib.
Sonra yarışmanın qaliblərinin adları açıqlanıb. Yekunda 4 startap layihəsi, FoodLook, BraillePad, WibeMe. Ustam startapları uğur qazanaraq finala çıxıb. BUSİNSSET layihəsi isə “Ən motivasiyalı komanda” nominasiyası üzrə mükafat qazanıb.
Təqdimat mərasimində finala çıxan və fərqlənən hər bir startap layihəsinin komandası öz layihələri ilə bağlı təqdimatlar ediblər.
Sonra qaliblərə mükafat və diplomlar təqdim edilib.
Qeyd edək ki, Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.
"Startap Azərbaycan"ın akademik tərəfdaşı “ADA” Universitetidir.
“ATL Group”, SINAM, “Neuron Technologies”, “Youth İnc”, “NEXT STEP İnnovasiya Mərkəzi” və “Cybernet” şirkətləri də Startap Azərbaycana dəstək verir və sponsorluq edirlər.