İQTİSADİYYAT
Startaplar arasında “Seedstars World” müsabiqəsinin yerli seçimləri keçirilir
Bakı, 8 iyun, AZƏRTAC
“Azercell”in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə növbəti dəfə azərbaycanlı startaplar arasında “Seedstars World” müsabiqəsinin yerli seçimləri keçirilir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, iyunun 12-dək davam edəcək seçim mərhələsinin qalibləri bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansı qazanacaqlar.
İyunun 18-də Qafqaz Universitetinin Texnoparkında təşkil olunacaq seçimlərin final mərhələsində qalib gələn startap 2017-ci ilin mart ayında İsveçrədə Azərbaycanı təmsil etmək imkanı qazanacaq. Yarışma “Azercell”, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə yanaşı, “PAŞA Bank” və Qafqaz Universitetinin Technoparkının dəstəyi ilə keçirilir və “TechNote” tərəfindən canlı yayımlanacaq.
“Azercell Telekom” MMC bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin “Seedstars” şirkəti ilə tərəfdaşlıq edir. “Azercell”in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov “Seedstars World” səfiri seçilib.
Qeyd edək ki, bu ildən müsabiqədə yaradılan yeni STARS istiqaməti səyahət və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını göstərmək imkanı yaradır.
Ötən il “Seedstars World” 36 ölkəni əhatə edirdisə, artıq 2016-cı ildə iştirakçı ölkələrin sayı 60-a çatıb. Müsabiqə Silikon Vadinin (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə, ümumilikdə, 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər.