Stolüstü tennis üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib
Bakı, 7 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə idmanın bu növü üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, çempionatın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin yad olunması, veteranların sağlamlığının möhkəmləndirilməsi, onların fəal həyat tərzinə cəlb edilməsi və stolüstü tennisin təbliğidir.
Tədbirin açılışında Federasiyanın vitse-prezident Fazil Məmmədov ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edib, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndərin strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsinin mühüm uğurlarla nəticələndiyini diqqətə çatdırıb. F.Məmmədov digər sahələrlə yanaşı, idmanın inkişafının da bu strategiyanın tərkib hissəsi olduğunu vurğulayıb.
Veteranlar Şurasının sədri Firudin Qurbanov onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, veteranlara qayğı siyasətinin əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
İki gün davam edən çempionatda 50-dən çox veteran iştirak edib.
Qadınların yarışında Xəyalə Qiyasova, Könül Mikayılova və Gülnarə İbrahimova müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Üç qrupda mübarizə aparan kişilərin yarışında 40-49 yaş qrupunda Vaqif Məmmədov birinci, Zaur Mikayılov ikinci, Əli Heydərli isə üçüncü olublar.
Çempionatda 50-59 yaş qrupunda İlham Ağayev, Teymur Hüseynov, Əsgərqulu Heydərli, 60 yaş və daha yuxarı yaş qrupunda isə Səxavət Heydərov, Tahir Xudiyev və Əhməd Həyyatov fəxri kürsüdə yer alıblar.
Qaliblərə Federasiyanın adından kubok, diplom, medal və pul mükafatları təqdim edilib.