“Stomatologiyada innovasiyalar” mövzusunda elmi-praktik konfrans
Naxçıvan, 30 iyul (AZƏRTAC, Tural Kəngərli). Naxçıvan Muxtar Respublikasının (MR) 90 illik yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə Tədbirlər Planı çərçivəsində “Stomatologiyada innovasiyalar” mövzusunda elmi-praktik konfrans keçirildi.
AZƏRTAC xəbər verir ki, Naxçıvan MR Səhiyyə Nazirliyinin, “Azərbaycan İmplantoloq” İctimai Birliyinin və Naxçıvan MR Stomatoloji Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan konfransda nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək muxtar respublikada stomatologiyanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı söhbət açdı.
Qeyd olundu ki, son illərdə muxtar respublikada səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturun gücləndirilməsi, yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində xeyli iş görülüb.
Konfransda Türkiyə Respublikası Hacıtəpə Universitetinin professoru Bahadır Girayın “Dental implant cərrahiyyəsində 11 kritik nöqtə”, “Azərbaycan İmplantoloq” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənovun “Stomatologiyada müasir avadanlıqlar”, Naxçıvan MR Stomatoloji Mərkəzinin baş həkimi Səkinə Məmmədovanın “Stomatoloji Mərkəzin 2012-2014-cü illərdə keçdiyi yol” mövzularında məruzələri dinlənildi.
Məruzələrdə stomatologiya sahəsində əldə edilən son nailiyyətlərdən söhbət açıldı, muxtar respublikada fəaliyyət göstərən stomatoloq həkimlər üçün yaradılan şəraitdən danışıldı.
Naxçıvan MR Stomatoloji Mərkəzində Hacıtəpə Universitetinin professoru Bahadır Girayın və yerli stomatoloqların iştirakı ilə implantasiya əməliyyatı aparıldı.