Stress diabetə səbəb olur
Bakı, 13 fevral, AZƏRTAC
Qlazqo Universitetinin alimləri stress hormonlarının əmələ gəlməsi ilə ikinci tip “şəkərli diabet” arasında qarşılıqlı əlaqə tapıblar. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatın nəticələri ABŞ-da həkimlər üçün nəzərdə tutulan nüfuzlu “Psixosomatik təbabət” jurnalında dərc olunub.
Tədqiqatçılar hər bir iş yerində tez-tez təsadüf edilən ən adi və labüd stressi ikinci tip şəkərli diabetin yaranmasının əsas səbəblərindən biri hesab ediblər.
Qlazqo Universitetinin professoru Navid Səttar deyib: “İş yerlərində güclü psixoloji təzyiqə məruz qalan insanların ikinci tip diabetə tutulma riski 45 faiz artır. Qrupumuz 13 il ərzində 50 kişi və qadını müşahidə edərək bu qənaətə gəlib. Biz çox vaxt belə bir halla rastlaşırıq ki, stereoid hormonları, xüsusilə kortizol qəbul edən insanlarda ikinci tip şəkərli diabetin əlamətləri özünü büruzə verir, onların qanında davamlı olaraq yüksək faizli şəkər müşahidə olunur. Güclü və uzunçəkən stress nəticəsində də orqanizmdə kortizol hormonu çox olur. Bu da bir müddət sonra hüceyrələrin insulina qarşı həssaslığında dəyişikliklərin yaranmasına və “şəkərli diabetin” inkişafına gətirib çıxara bilər. Məhz stress hormonu kortizolun çox olması orqanizmin insulinə qarşı həssaslığını azalda bilər”.
Qeyd edək ki, London Universitet Kollecinin professoru Endryu Stepton başqa fikirdədir. Onun fikrincə, stress ilə diabet arasında əlaqə var, lakin ikinci tip diabetdən əziyyət çəkən insanların orqanizmi stressə başqa cür reaksiya verir.