Ştutqartda keçirilən Türk Mədəniyyəti Günlərində Azərbaycanın milli-mədəni irsi də təqdim edilib
Berlin, 19 may, AZƏRTAC
19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Almaniyanın Ştutqart şəhərinin mərkəzi meydanında Türk Mədəniyyəti Günləri keçirilib. Türkiyənin Ştutqartdakı baş konsulluğu, Baden-Vürttemberq əyalətində fəaliyyət göstərən türk vətəndaş cəmiyyəti təşkilatları və Ştutqart bələdiyyəsinin dəstəyi ilə təşkil olunan builki tədbirdə qonaq ölkə kimi Azərbaycan seçilib. Bu tədbir Ştutqart Azərbaycan Evi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Ştutqart Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, bəstəkar Günay Mirzəyeva AZƏRTAC-a bildirib ki, ölkəmizin bu tədbirdə ilk dəfə təmsil olunması Azərbaycan, Türkiyə və Almaniya arasında mədəni əlaqələrin inkişafı, eləcə də zəngin mədəni irsimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.
Tədbir çərçivəsində təşkil olunan yürüş zamanı Azərbaycan, Türkiyə və Almaniyanın Dövlət bayraqları dalğalandırılıb. Sonra tədbir iştirakçıları Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyətini əks etdirən eksponatlarla tanış olublar. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə səhnədə “Ritm” rəqs qrupunun ifasından milli rəqslərimiz təqdim edilib. Azərbaycan stendi ilə tanışlıq, eləcə də milli rəqslərimizin yüksək səviyyədə ifa olunması tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.