Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərin yararsız hala düşmüş hissəsi dəyişdirilir
Bakı, 30 mart (AZƏRTAC). Əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər planına uyğun olaraq, Sumqayıt şəhərini içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanılmışdır.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Ceyranbatan Su Anbarından Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərin 684 metr uzunluğunda metal borulardan ibarət olan hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranırdı. Hazırda həmin metal borular polietilen borularla əvəzlənir. Magistral kəmər istismara verildikdən sonra Sumqayıt şəhərinin 17-18-ci mikrorayonlarının, “42-ci məhəllə” və Corat qəsəbəsinin, ümumilikdə 33 mindən çox sakinin içməli su təchizatı daha da yaxşılaşacaqdır.
Tədbirlər planına uyğun olaraq, tikinti-quraşdırma işlərinin aprelin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.