SUMQAYIT SƏTHİ FƏAL MADDƏLƏR ZAVODUNUN İNKİŞAF PERSPEKTİVLƏRİ
Müəssisənin direktoru Qurban Mikayılov AZƏRTAC-ın müxbirinə demişdir ki, zavodda 1400 nəfər çalışır. Baş inkişaf planına əsasən, üstün istiqamətlər müəyyənləşdirilmiş, bir sıra vacib və aktual tədbirlər həyata keçirilmişdir.
Kimyaçılar biznesin başlıca prinsipinin məhsulun keyfiyyəti olduğunu gözəl anlayırlar. Məhsulun rəqabətə davamlılığı, dünya bazarına çıxması məhz bundan asılıdır. Qısa müddətdə istehsalat sexlərində təmir və yenidənqurma işləri aparılmış, sulfat turşusu istehsalı sexi inşa olunmuş, müasir texnologiyalar tətbiq edilmişdir.
Direktor demişdir ki, müəssisədə ilkin mərhələdə civədən istifadə üsulu ilə kaustik soda istehsal olunur. Onun keyfiyyəti qatışığın qatılığı və şəffaflığı hesabına təmin edilir. Mütəxəssislər innovasiyalar sayəsində keyfiyyətə görə Madriddə qızıl medala layiq görülmüşlər.
Hazırda SFM markası ilə buraxılan dixloretan, maye xlor, kaustik soda və duz turşusuna Azərbaycanın hüdudlarından kənarda böyük tələbat vardır.
Zavodda kifayət qədər perspektivli və gəlirli, habelə yerli bazarda tələbat olan karboksimetiksellüloza (KMS) istehsalına hazırlıq gedir. KMS yuyucu vasitələr istehsalında gözəl xammaldır. İlk məhsulun buraxılışı sexini ilin sonunadək bərpa etmək nəzərdə tutulur.