Sumqayıt tələbələri “Qan ver, həyat bəxş et” aksiyasında fəal iştirak etmişlər
Sumqayıt, 4 aprel (AZƏRTAC). Aprelin 4-də Sumqayıt Dövlət Universitetində “Qan ver, həyat bəxş et” devizi altında qanvermə aksiyası keçirilmişdir.
Aksiya Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə talassemiyalı xəstələrə yardım məqsədilə keçirilmişdir.
Universitetin tələbə və əməkdaşları qanvermə aksiyasına könüllü surətdə qatılmış və bu cür aksiyaların təşkilini yüksək qiymətləndirmişlər.
Aksiyanın əhəmiyyətindən söhbət açan universitetin rektoru Elxan Hüseynov AZƏRTAC-a bildirmişdir ki, bu aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdən ibarətdir. Rektor, həmçinin qeyd etmişdir ki, biz donorların borcu qana ehtiyacı olanlara kömək etmək və onların gələcəyə ümidlərini artırmaqdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova talassemiya və hemofiliya kimi ağır xəstəliklərdən əziyyət çəkənlərin qana olan ehtiyacını ödəmək üçün belə aksiyaların mütəmadi keçirilməsinin vacibliyini söyləmişdir.