Sumqayıtda 12 noyabr – Konstitusiya Gününə həsr edilmiş müsabiqə keçirilmişdir
Sumqayıt, 12 noyabr (AZƏRTAC). Bu gün Sumqayıt şəhər təhsil şöbəsinin konfrans zalında 12 noyabr - Konstitusiya Gününə həsr edilmiş müsabiqə keçirilmişdir. “Konstitusiya və biz” adlı tədbir şəhər gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə baş tutmuşdur. Müsabiqədə ümumtəhsil məktəblərin X-XI sinif şagirdləri iştirak etmişdir.
Gənclər və İdman Baş İdarəsinin gəncərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov AZƏRTAC-a bildirmişdir ki, təhsil şöbəsinin müdir əvəzi, respublikanın Əməkdar Müəllimi Vaqif Ələkbərov sistemli şəkildə hər il keçirilən tədbirin məqsədi və mahiyyətindən danışmışdır.
Daha sonra Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə müsabiqənin qaydalarını izah edərək iştirakçılara uğurlar arzulamışdır.
Sonra şagirdlər təqdim edilmiş iyirmi beş sualı qırx beş dəqiqə müddətində cavablandırmışlar. Münsiflər heyətinin qərarına əsasən 26 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Ziya Şivəxanov və 23 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Gülənbər Abbasova I yerə, 22 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Məhəmməd Əbdüləzizov II yerə, 10 saylı orta məktəbin 11-ci sinif şagirdi Rafail Qasımzadə, 25 saylı tam orta məktəbin 10-cu sinif şagirdi İnci Abbasova, TTEL-in 10-cu sinif şagirdi Şamil Əliyev, 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Elnur İsmayılzadə isə III yerə layiq görülmüşdür.
Qaliblərə Baş İdarənin Fəxri fərmanları və hədiyyələri, müsabiqənin bütün iştirakçılarına “Azərbaycan Respublikasının Konstitusiyası” kitabı təqdim olunmuşdur.