Sumqayıtda “Canlı Kitablar” çərçivəsində kitab sərgisi keçirilmişdir
Sumqayıt, 12 noyabr (AZƏRTAC). Sumqayıtın Nəsimi adına dənizkənarı istirahət parkında yerləşən “Park Restaurantda” kitab sərgisi keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Canlı Kitablar” layihəsi çərçivəsində keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, layihənin icraçısı Ceyhun Hüseynov sərgini açaraq layihənin məqsədinin gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərimiz arasında mütaliəyə marağın artırılması, bilik mənbəyi sayılan kitabları qorumaq və gələcək nəsillərə çatdırmaq olduğunu bildirmişdir. Çıxış edənlər belə tədbirlərin keçirilməsinin gənclərimizin milli-mədəni dəyərlərimizin qorunmasında, milli ədəbiyyatımıza, kitaba olan marağının artırılmasında mühüm rol oynayacağını vurğulamışlar.
Daha sonra müxtəlif yerli və xarici ədəbiyyat nümunələrindən ibarət kitab rəfi oxucuların ixtiyarına verilmişdir. Ümummilli lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ədəbiyyat nümunələri gənclər tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgidə Milli Ordumuzun zabiti Ramil Səfərovun, Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun, İgidliyə görə təltif edilən Əhməd Abdullayevin, Fərid Əhmədovun, eləcə də Qarabağ döyüşlərində həlak olan şəhidlərin xatirəsinə ithaf edilən “Pal küçəsinin oğlanları” kitabı da gənclərin diqqətini cəlb etmişdir.
Qeyd edək ki, sərginin prinsipinə görə oxucular buradan əldə etdikləri kitabları ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidir.