SUMQAYITDA ÇİRKLƏNMİŞ TORPAQLAR KADASTRININ TƏQDİMATI OLMUŞDUR
“Sumqayıtın çirklənmiş torpaqlarının və onun geoinformasiya sistemi (GİS) bazasında sənaye zonasının qeydiyyata alınmasının avtomatlaşdırılmış kadastr sistemi”ni hazırlamaq üçün 2004-cü ilin axırlarında Əlaqələndirmə Şurası və xüsusi işçi qrup yaradılmışdır.
Kadastrda GİS-in – texnologiyaların, aerokosmik çəkiliş məlumatının, yerüstü ölçmələrin və tədqiqat nəticələrinin ekoloji torpaq kadastrının məlumat bazasına daxil edilməsinin köməyi ilə sənaye və məişət çirklənmələri zonalarının aşkara çıxarılması sisteminin yaradılması prinsipləri nəzərdən keçirilmişdir. Bundan məqsəd həmin sistemi şəhər təsərrüfatı xidmətlərinin və torpaq resursları idarələrinin istifadəsinə verməkdir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Zeynalov, “Almaniya və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” layihəsinin rəhbəri Peter Lübenau, Sumqayıt işçi qrupunun başçısı Arif İslamzadə, habelə texnika elmləri namizədi Xasiyyət İsmətova Kadastrın təqdimatında çıxışlarında şəhər sənayesinin inkişafında sistemin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün layihənin icrasının əsas mərhələləri müəyyənləşdirilmişdir. Bu, icraçılar qrupunun yaradılması və onun təlimi metodikasının hazırlanması, proqram təminatının və texniki təminatın yoluna qoyulması, əsas proqramlar üzrə məşğələ kurslarının keçirilməsi, informasiya toplanması, onun sistemləşdirilməsi, işlənməsi və təhlili metodikasının hazırlanması, habelə geniş istifadəçiyə asan yolla çatdırılması, müzakirələr və konfranslar təşkil edilməsidir.
Təqdimat mərasimində maraqlı təklif və tövsiyələr verilmişdir. Bildirilmişdir ki, ərazilərin alınması, alqı-satqı prosesi siyasəti çərçivəsində yeni mülkiyyət sahibinin aldığı, yaxud özəlləşdirdiyi müəssisələrin və digər istehsal obyektlərinin və ya onların yerləşdiyi torpaq sahələrinin çirklənmələrdən təmizlənməsinə dair konkret öhdəlikləri hazırlanmalı və qəbul olunmalıdır.
Hazırda Almaniya tərəfinin tövsiyəsi ilə sənədli və kartoqrafik hissələrin birləşdirilməsi üzərində iş gedir.