Sumqayıtda əhalinin 223 min nəfərdən çoxu tibbi müayinədən keçmişdir
Sumqayıt, 28 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da əhalinin profilaktik tibbi müayinədən keçirilməsi uğurla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının tapşırığına uyğun olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və xüsusi komissiya yaradılmışdır.
Sumqayıtdakı üç nömrəli şəhər poliklinikasında sakinlərin kompleks müayinəsi aparılır. Xəstəliklərin vaxtında aşkarlanması məqsədilə sakinlər tibbin müxtəlif sahələri üzrə rentgen, ultrasəs-müayinə, stomatoloq, terapiya, kardioqrama və digər növ müayinələrdən keçirlər, xəstəlik aşkar olunan insanlar qeydiyyata alınaraq ambulator və yaxud stasionar müalicəyə cəlb edilirlər. Əhalinin böyük ruh yüksəkliyi ilə tibbi müayinədən keçməsi işin yüksək səviyyədə təşkilindən xəbər verir.
Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin əməkdaşı Səkinə Sadıqova bildirmişdir ki, şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqla təchiz edilmişdir. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır. Əsaslı səbəblərdən müayinəyə gələ bilməyən vətəndaşların yaşadıqları evlərə isə yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət səyyar həkim briqadaları göndərilir.
Qeyd edilmişdir ki, ümumilikdə, fevralın 17-dən aprelin 28-dək 223 min nəfər dövlət hesabına tibbi müayinədən keçmiş, onlardan 25 min nəfərində müxtəlif xəstəliklər aşkar olunmuşdur. Müayinədən keçənlərdən 27 min nəfəri ambulator, 1301 nəfəri isə stasionar müalicəyə göndərilmişdir.
Sumqayıt şəhərində doqquz tibb müəssisəsində profilaktik müayinə kabinetləri yaradılmışdır. Müayinələr şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, “Stansiya Sumqayıt” və “Tuq zavod” və “Şirvan” yaşayış massivində də aparılır. Artıq əhalinin böyük əksəriyyəti tibbi müayinədən keçmişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən və əhalinin sağlamlığına yönələn bu aksiya sumqayıtlılar tərəfindən razılıqla qarşılanmışdır.
Sumqayıtda tibbi müayinə mayın 1-dək davam edəcəkdir.