ELM VƏ TƏHSİL
SUMQAYITDA REGİONAL İNFORMASİYA MƏRKƏZİ AÇILMIŞDIR
“Azərbaycanın informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası və onun ilkin mərhələdə həyata keçirilməsi” (İKTMS) birgə layihəsi çərçivəsində yaradılmışdır.
Bu münasibətlə təşkil olunmuş mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, İKTMS-in milli əlaqələndiricisi Məleykə Abbaszadə və başqaları çıxış etmişlər.
İKTMS layihəsi tərəfindən mərkəzə 20 kompüter, bir server, printer, skaner və digər avadanlıq verilmişdir. Bundan əlavə, mərkəzin bir illik İnternet bağlantısı da layihənin hesabına maliyyələşəcəkdir. Müasir standartlara cavab verən mərkəzdə hər bir sumqayıtlının təmənnasız işləməsi üçün şərait yaradılacaqdır. Burada Bakıda xüsusi təlim keçmiş mütəxəssislər tərəfindən kompüter kurslarının təşkili də planlaşdırılır.
Belə mərkəzlərin yaradılmasından məqsəd ölkənin bölgələrində
“rəqəmli bərabərsizliyin” ləğvi istiqamətində işi fəallaşdırmaq, regionların əhalisinin İnternetə, informasiyaya çıxışını asanlaşdırmaq, insan fəaliyyətinin müxtəlif sahələrinə İKT-nin tətbiqini sürətləndirməkdir.
Azərbaycanın İKT üzrə kadr potensialını artırmaq üçün informasiya mərkəzlərində xüsusi təlim kursları da təşkil ediləcəkdir.