SUMQAYITDA SU KƏMƏRİ XƏTLƏRİ TƏZƏLƏNİR
Sumqayıtda üçüncü su kəməri xətti istifadəyə veriləndən sonra şəhər fasiləsiz olaraq içməli su almağa başlamışdır. Bu prosesin sabitliyini təmin etmək üçün “Azərsu” SC-nin Sumqayıt qurumu profilaktik tədbirlər keçirir. Şəhərin yaşayış massivlərində su kəməri xətlərinin təzələnməsi demək olar ki, başa çatdırılmışdır.
“Azərsu” SC-nin Sumqayıt şəhər təşkilatının direktoru B.Ramazanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, cari ilin yanvar və fevral aylarında şəhərin mikrorayonlarında və məhəllələrində yeni su kəməri xətləri çəkilmiş, istifadə üçün yararsız olan xətlər dəyişdirilmişdir. Bununla bərabər, magistral su arteriyalarında da təmir işləri aparılmışdır. Direktorun sözlərinə görə, Bakı küçəsində uzunluğu bir kilometr, diametri 1000 mm olan su təchizatı xətti tamamilə yeniləşdirilmiş, 39-cu və 45-ci məhəllələrdə, 13-cü, 17-ci və 18-ci mikrorayonlarda bir neçə min metr boru dəyişdirilmişdir. B.Ramazanov bildirmişdir ki, təmir işləri başa çatmaq üzrədir.
Lakin şəhər təsərrüfatı idarəsinin su ölçmə cihazlarının istismarı və su satışı idarəsinin rəisi Elşən Həsənovun sözlərinə görə, istifadə edilmiş suyun haqqının vaxtında ödənilməsi məsələsi aktual olaraq qalır. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd etmişdir ki, su sayğacları quraşdırıldıqdan sonra ödənişlə bağlı problemlər də həll ediləcəkdir.
Xatırladaq ki, “Azərsu” SC-nin Sumqayıt qurumu bu şəhərdə 67 mindən artıq abonentə xidmət edir. Onların 64.900-ü əhali kateqoriyasına aiddir. E.Həsənovun sözlərinə görə, indiyə qədər əhali üçün 35 minə yaxın su sayğacı quraşdırılmışdır və bu proses davam edir.