SUMQAYITDA YENİ AZƏRBAYCAN PARTİYASI ŞƏHƏR TƏŞKİLATININ VI KONFRANSI OLMUŞDUR
Konfrans iştirakçıları ümummilli lider, YAP-ın banisi Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra Səməd Vurğun adına Mədəniyyət sarayının foyesində nümayəndələr şəhər təşkilatının hesabat dövründəki fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
VI konfransın işinin başlandığı elan olunduqdan sonra Azərbaycanın Dövlət himni səslənmişdir.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin nurlu xatirəsini birdəqiqəlik sükutla anmışlar.
Şəhər təşkilatının sədri vəzifəsini icra edən Asif İmaməliyevin hesabat məruzəsində bildirilmişdir ki, Sumqayıt ilk regional təşkilatlardan biridir. Hazırda 243 ilk təşkilatda 14 942 partiya üzvü var. Məruzəçi konkret faktlarla şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən təşkilatın fəaliyyətinin ətraflı təhlilini vermişdir. Bildirilmişdir ki, qısa müddətdə burada xeyli dəyişiklik baş vermiş, təşkilatın maddi-texniki bazası möhkəmləndirilmişdir. İqamətgahın binası əsaslı təmir olunmuş, müasir mebel və təşkilat texnikası alınmışdır. Binanın qarşısında partiyanın banisi, görkəmli dövlət xadimi və siyasətçi Heydər Əliyevin büstü qoyulmuşdur. Partiya işinə daha təşəbbüskar, layiqli və intizamlı kadrlar cəlb olunmağa başlanmışdır.
İlk təşkilatlarda, habelə partiyanın hər bir üzvü ilə aparılan ideoloji iş müsbət qiymətləndirilmişdir. Natiqin fikrincə, bütün bunlar Milli Məclisə seçkilər kampaniyasının nəticələrinə yaxşı təsir göstərmişdir. Qazanılmış təcrübə sumqayıtlılara 2008-ci ildə prezident seçkilərinə dair təşkilat-təşviqat kampaniyasını layiqincə aparmaq imkanı verəcəkdir. Bu vəzifəyə isə şübhəsiz və alternativsiz namizəd ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevdir.
Müzakirələrdə çıxış edənlər hesabat dövründə şəhər partiya təşkilatının işini müsbət qiymətləndirmişlər.
YAP-ın idarə heyətinin üzvü, şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, partiyanın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov iqtisadi artım sürətinə görə dünyada lider olan respublikanın yüksək iqtisadi nailiyyətlər qazandığını qeyd etmişlər. Xüsusi vurğulanmışdır ki, yüksək reytinqli, əhalinin hörmətini və rəğbətini qazanmış Prezident İlham Əliyev dövlətimizin və xalqımızın mənafeyinə cavab verən müstəqil siyasət aparır. Partiya üzvləri qarşısında duran vəzifə isə öz liderinə layiq olmaqdır.
Səsvermənin nəticələrinə görə, Asif İmaməliyev yenidən YAP-ın Sumqayıt şəhər təşkilatının sədri seçilmişdir. İdarə heyəti və nəzarət-təftiş komissiyası da seçilmişdir.
Konfransın yekunlarına əsasən qətnamə qəbul olunmuşdur.
Konfransın nümayəndələri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul etmişlər.