Sumqayıtın ucqar yaşayış massivlərində əhalinin səyyar tibbi müayinəsi təşkil edilmişdir
Sumqayıt, 12 aprel (AZƏRTAC, Ətrabə Rzayeva). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığı Sumqayıtda uğurla yerinə yetirilir.
Şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev AZƏRTAC-a bildirmişdir ki, müayinə üçün müraciət edənlər həkim mütəxəssislərin müayinəsindən, o cümlədən rentgen-flüoroqrafik, ultrasəs, laborator analiz, elektrokardioqrafiya və digər müayinələrdən keçirilirlər. Həmçinin ehtiyacı olanlar stasionar və ambulator müalicəyə cəlb olunurlar.
Diqqətə çatdırılmışdır ki, məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdə və şəhərin ucqar yaşayış massivlərindən olan “Şirvan”, 2 nömrəli şəhər xəstəxanasının ətrafında, keçmiş pansionatlarda da səyyar tibbi müayinələr aparılmışdır.
Aprelin 12-də növbəti səyyar tibbi müayinə “Sumqayıt Stansiyası” və “Tuk zavod” ərazilərində aparılmışdır. Bu ərazilərin 930 sakini həkim-mütəxəssislərin müayinəsindən keçirilmiş, onlara 1207 tibbi müayinə, o cümlədən 98 laborator analiz, 47 elektrokardioqrafiya, 143 ultrasəs müayinəsi edilmişdir. Müayinə olunanlardan 135-nə ambulator müalicə təyin olunmuş, 23 nəfər isə stasionar müalicəyə göndərilmişdir.
Sumqayıtda profilaktik tibbi müayinələr mayın 1-dək davam etdiriləcəkdir.