Süni intellekt müəllimin köməkçisi ola bilərmi?
Bakı, 22 sentyabr, AZƏRTAC
Süni intellekt artıq təhsil sisteminin ayrılmaz hissəsinə çevrilməkdədir. Dünyanın müxtəlif ölkələrində müəllimlər dərslərin planlaşdırılmasından qiymətləndirməyə, fərdiləşdirilmiş öyrənmədən rəqəmsal məzmunun hazırlanmasına qədər müxtəlif sahələrdə süni intellekt alətlərindən istifadə edirlər. Lakin bu texnologiyanın təhsildə tətbiqi ilə bağlı əsas sual hələ də aktuallığını qoruyur: Süni intellekt müəllimin köməkçisi ola bilərmi?
Təhsil texnologiyaları üzrə elmi tədqiqatçı Aysel Nağıyeva AZƏRTAC-a açıqlamasında süni intellektin təhsildə tətbiqi ilə bağlı aparılan araşdırmadan danışıb. Onun sözlərinə görə, 2024-cü ildə Filippinin Sebu Texnoloji Universitetinin tədqiqatçısı Kristi Enn L. Caka tərəfindən aparılan və “The Asian Conference on Education & International Development 2024” (ACEID 2024) beynəlxalq elmi konfransının rəsmi materiallarında dərc olunan tədqiqat məhz bu suala cavab axtarıb. Qarışıq tədqiqat metodologiyası əsasında həyata keçirilən araşdırmada ali təhsil müəssisələrində çalışan 30 müəllimin süni intellektdən istifadə təcrübəsi öyrənilib. Tədqiqatın nəticələri göstərib ki, süni intellekt tədris prosesinin səmərəliliyini artıran mühüm vasitə olsa da, onun etik, hüquqi və pedaqoji baxımdan düzgün idarə olunması zəruridir.
A.Nağıyeva bildirib ki, araşdırmaya əsasən, müəllimlər ən çox ChatGPT, Canva, Grammarly, QuillBot, təhsilyönümlü çatbotlar, onlayn öyrədici oyunlar və YouTube kimi platformalardan istifadə edirlər. Bu alətlər dərs materiallarının hazırlanmasını sürətləndirməyə, tapşırıqları fərdiləşdirməyə, şagirdlərin ehtiyaclarına uyğun resurslar hazırlamağa və qiymətləndirmə prosesini daha səmərəli təşkil etməyə imkan verir.
Onun sözlərinə görə, süni intellektin mühüm üstünlüklərindən biri fərdiləşdirilmiş öyrənmə imkanlarıdır. Alqoritmlər şagirdlərin bilik səviyyəsini və öyrənmə sürətini təhlil edərək hər biri üçün uyğun tədris materialları və fəaliyyətlər təklif edə bilir. Bu isə öyrənmənin daha effektiv və motivasiyaedici olmasına şərait yaradır.
A.Nağıyeva qeyd edib ki, digər mühüm üstünlük müəllimlərin iş yükünün azalmasıdır. Qiymətləndirmə, mətnlərin hazırlanması, cədvəllərin tərtibi və digər texniki proseslərin avtomatlaşdırılması müəllimə daha çox vaxt qazandırır. Beləliklə, müəllim diqqətini şagirdlərlə ünsiyyətə, yaradıcı fəaliyyətlərə və təlim prosesinin keyfiyyətinin artırılmasına yönəldə bilir. Süni intellekt, həmçinin tədris qərarlarının məlumatlara əsaslanmasına kömək edir. Şagird nailiyyətlərinin təhlili müəllimlərə hansı mövzuların çətin mənimsənildiyini müəyyənləşdirməyə, əlavə dəstəyə ehtiyacı olan şagirdləri vaxtında aşkar etməyə və tədris strategiyalarını təkmilləşdirməyə imkan verir.