Suraxanı rayonunda 18 minə yaxın sakin tibbi müayinədən keçib
Bakı, 12 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Bakının Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla aparılır.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, müayinələr rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada keçirilir. Rayon üzrə 212300 nəfərin və bu rayonda məskunlaşan 21858 məcburi köçkünün tibbi müayinədən keçməsi nəzərdə tutulub. Artıq fevralın 12-dək rayonda 18 minə yaxın vətəndaş və 33-dən çox kollektiv tibbi müayinədən keçirilib. Xəstəlik aşkarlanan 335 nəfərdən 38-i stasionar müalicəyə qəbul olunub.
12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirib ki, əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müayinələr başlayandan bu günədək 1650 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 89 nəfəri rentgen, 79 nəfəri USM aparatından 121 nəfəri laboratoriya və 73 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçənlərin 42-də xəstəlik aşkar olunub və onların 7 nəfəri stasionar müalicəyə götürülüb.
Yeni Suraxanı qəsəbəsinin sakinləri bu humanist təşəbbüsə görə dövlət başçısına təşəkkür ediblər.