Suraxanı rayonunda əhalinin tibbi müayinəsi böyük ruh yüksəkliyi ilə davam edir
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, dövlət başçısının tapşırığının icrası ilə əlaqədar komissiya yaradılmış, eyni zamanda, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədən keçmə qrafiki tərtib olunmuşdur. Rayonda bu istiqamətdə görülən işlər daim nəzarətdə saxlanılır.
Bu günlərdə isə tibbi müayinələrin gedişi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilmişdir. İclasda çıxış edən Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti vardır. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Dövlət başçısının bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.
Məlumat verilmişdir ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) 5 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən 209 min 312 nəfər sakinin və rayonda məskunlaşmış 20 min 125 nəfər məcburi köçkünün keçirilməsi nəzərdə tutulmuşdur. Əhali arasında planlı formada aparılan maarifləndirici tədbirlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) uğurla davam edir, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir. Aprelin 2-dək rayon üzrə 90 minə yaxın vətəndaş tibbi müayinədən keçmişdir. Onlardan 2335 nəfərdə müxtəlif xəstəliklər aşkarlanmış, 182 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Eyni zamanda, rayonda fəaliyyət göstərən 9 nömrəli stomatoloji poliklinikanın kollektivi tibbi müayinə (dispanserizasiya) dövründə həftənin şənbə və bazar günləri əhaliyə pulsuz stomatoloji xidmət göstərmək haqqında qərar qəbul etmişdir. Bu günə qədər poliklinikada 300-dən çox sakinə stomatoloji xidmət göstərilmişdir. Rayon əhalisinin tibbi müayinəsinin (dispanserizasiyası) gedişi televiziya kanallarında və mətbuatda işıqlandırılır.
İclasda çıxış edən səhiyyə müəssisələrinin rəhbərləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri görülən işlər barədə məlumat vermişlər.
Aprelin 10-na olan məlumata görə, Suraxanı rayonunda 113 minə yaxın vətəndaş və 103-dən çox kollektiv tibbi müayinədən keçmişdir. Onlardan 2850 nəfərdə müxtəlif xəstəliklər aşkarlanmış, 267 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Rayon əhalisinin dispanserizasiyası davam edir.