Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla başa çatmışdır
Bakı, 5 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi aksiyası Bakının Suraxanı rayonunda uğurla başa çatmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün hələ fevral ayında rayonda bütün zəruri tədbirlər görülmüşdü. Bu məqsədlə rayon icra hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdu.
Rayon əhalisinin tibbi müayinəsi 5 xəstəxana, 3 poliklinika və 1 ambulatoriyada aparılmışdır. Suraxanının 209 min 312 nəfər sakininin və rayonda məskunlaşmış 20 min 125 nəfər məcburi köçkünün tibbi müayinəyə cəlb olunması nəzərdə tutulmuşdu. Onlardan 187 min 708-i tibbi müayinədən keçmişdir. Bu da rayon əhalisinin 81.8 faizini təşkil edir. Bundan əlavə, 124 idarə və müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. Vətəndaşların 10 min 759 nəfəri rentgen, 55 min 360 nəfəri laboratoriya, 6 min 563 nəfəri USM, 4 min 999 nəfəri EKQ müayinəsindən keçmişdir. Onlardan 4 min 224 nəfər ambulator, 391 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Tibbi müayinələrdən rayon əhalisi çox razı qalmışdır. Sakinlər bu tədbirin həyata keçirilməsini Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulamış, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.