CƏMİYYƏT
Suraxanı rayonunda kütləvi dezinfeksiya işləri aparılır
![Suraxanı rayonunda kütləvi dezinfeksiya işləri aparılır](/files/2014/2/1200x630/14087122112473733739_1200x630.jpg)
Bakı, 7 iyun (AZƏRTAC). Suraxanı Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin, Bakı şəhər dezinfeksiya stansiyasının Suraxanı regional bölməsinin birgə təşkilatçılığı ilə rayonda kütləvi dezinfeksiya işləri aparılır.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilmişdir ki, isti yay günlərinin başlaması ilə əlaqədar infeksion xəstəliklərin yayılma təhlükəsinin artdığını nəzərə alaraq, iyunun 2-dən 15-dək Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin kompakt məskunlaşdıqları yataqxana və binalarda dezinfeksiya işləri görülür. Həmçinin ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır.
Kütləvi tədbirlərin aparılmasına dezinfeksiya bölməsinin 18 işçisi cəlb edilmişdir.
Görülən bütün işlər Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirlərinin təkmilləşdirilməsi barədə əmrinə əsasən müvafiq kimyəvi preparatlarla aparılır.
Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl edilir.