Şuşadan dünyaya verilən sülh və həmrəylik mesajları ŞƏRH
Bakı, 13 may, AZƏRTAC
Şuşa həm nüfuzu, həm də əyilməz ruhu ilə İslam dünyasının mədəniyyət paytaxtı statusuna layiqdir. Qarabağın tacı olan Şuşanın bu şərəfli ada layiq görülməsi təbii ki, İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlamətidir. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, Şuşanın mədəniyyət paytaxtı olması öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə imkanlar yaradacaq. Təsadüfi deyil ki, builki “Xarıbülbül Beynəlxalq Musiqi Festivalı” Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsinə həsr olundu. Musiqi festivalı vasitəsilə yenidən dünyaya sülh, birlik, həmrəylik mesajları verildi.
Dövlətimizin başçısının Şuşanın qəhrəmanlıq, zəfər və sülh rəmzi olduğunu bir daha bəyan etdiyini vurğulayan K.Nurullayeva deyib: “Şuşa artıq bütün Qafqazda musiqinin paytaxtı kimi qəbul olunur. Şuşada keçirilən Xarıbülbül festivalı isə bizim üçün qayıdış və ləyaqət bayramıdır. Bu festivalda iştirak edən bir çox müsəlman ölkələrinin kollektivləri Cıdır düzündə məharətli ifaları ilə diqqət çəkdilər”.
"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının ötən əsrdən keçirilməyə başlandığını bildirən deputat qeyd edib ki, festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin təmsilçilərinin iştirakı ilə keçirilib. Festival təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.
2020-ci ildə Zəfərimizdən sonra bu ənənənin bərpa edildiyini bildirən Könül Nurullayeva vurğulayıb: “Xarıbülbül musiqi festivalı ölkənin mədəni həyatında əlamətdar hadisələrdən birinə çevrilib. Şuşada bizim bütün ənənələrimiz bərpa olunmaqla yanaşı, həm də müxtəlif mədəniyyətlərin dialoqu təşkil olunur. Xarıbülbül festivalı ilə bu ənənənin təməli qoyulub. Beynəlxalq ictimaiyyət qədim Azərbaycan şəhəri olan Şuşanın yenilənən simasını görür. Bu festival Azərbaycanın, Türk dünyasının və artıq İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşanın nüfuzunu daha da artırır”.