TANIŞ OLUN: VORONEJ VİLAYƏTİ
Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən RF-nin ölkəmizdəki səfirliyinin böyük müşaviri Aleksandr Trofimov bildirmişdir ki, təqdimat Azərbaycanda Rusiya İli çərçivəsində təşkil edilmiş və regional səviyyədə ikitərəfli ticarət-iqtisadi əməkdaşlığı bundan sonra da genişləndirmək məqsədi daşıyır.
Kifayət qədər nüfuzlu nümayəndə heyətinə Voronej vilayəti hökumətinin başçıları ilə yanaşı, biznesmenlər, “Elektrosiqnal”, “Minudobreniye”, RASKO kimi iri sənaye birliklərinin və səhmdar cəmiyyətlərinin, habelə mexanika, vaqon təmiri, likör-araq zavodlarının nümayəndələri də daxildir. Onlar azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparacaq, qarşılıqlı münasibətlərin perspektivlərini müzakirə edəcəklər. Bundan əlavə, Bakıda Voronej vilayətində istehsal olunan məhsulların sərgisi açılacaqdır. Qonaqların fikrincə, bu məhsullar Azərbaycan bazarında özünə yer tapa bilər.
Təqdimatın hazırlanması prosesində Voronejdə fəaliyyət göstərən “Birlik” regional Azərbaycan ictimai təşkilatı da yaxından iştirak etmişdir.
Xatırladaq ki, Azərbaycanla Rusiya regionları arasında birbaşa əlaqələr son illər müsbət məcrada inkişaf edir. Azərbaycan hökuməti ilə RF-nin bəzi respublikaları, diyar və vilayətləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında 30-dan çox müqavilə bağlanmışdır. Onlarca belə sənəd isə razılaşdırılma mərhələsindədir.