Tarix Muzeyinə şəhid mayor Malik Əliyevin şəxsi əşyaları təhvil verilib
Bakı, 1 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə şəhid mayor Malik Əliyevin şəxsi təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhid mayorun hərbi geyim dəsti, çəkməsi, əlcəyi, səhra kompası muzeyin əməkdaşı Qənirə Qafarlı tərəfindən Muzeyə təqdim olunub.
İkinci Qarabağ müharibəsinin şəhidi, mayor Malik Əliyev Cəbrayıl və Füzuli istiqamətindəki döyüşlərdə iştirak edib. Cəbrayıl və Hadrut rayonlarının alınmasında xidmətləri olub. 2020-ci il oktyabrın 13-də Cəbrayıl rayonunda növbəti dəfə şəhid və yaralılarımızı təxliyə edərkən həlak olub. Şəhid mayor sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələri 10 il “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru Malik Əliyev II Fəxri xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 2020-ci il 12 dekabr tarixli sərəncamlarına əsasən Malik Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Prezidentin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.