Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Bakı, 19 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov Türkiyənin Samsun şəhərində onlayn formatda keçirilmiş “Anadan olmasının 140-cı ilində Atatürk" mövzusunda beynəlxalq simpoziumda iştirak edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ə.Fərhadov “Mirzə Fətəli Axundzadədən Mustafa Kamal Atatürkə: türk-islam dünyasında dünyəvilik prosesinə tarixi baxış” adlı məruzə ilə çıxış edib. Məruzədə qeyd olunan dövrdə Azərbaycanda, Qacar İranında və Türkiyədə maarifçilik, dini xurafat və mövhumata, çarizmə və şah rejiminə qarşı mübarizə, həmçinin Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatürkün bölgədə dünyəvi dövlətçiliyin qurulması prosesindəki rəhbər rolları haqqında məlumat verilib.
Məruzə maraqla qarşılanıb, tədbir müzakirələrlə yekunlaşıb.