İQTİSADİYYAT
TASİS-in YENİ LAYİHƏLƏR PAKETİ HAZIRLANMIŞDIR
Bildirilmişdir ki, 7 layihədən ibarət paket baxılmaq üçün TASİS-in mərkəzi ofisinə göndərilmişdir və Bakı nümayəndəliyinin sorğusuna yaxın vaxtlarda rəsmi cavab veriləcəyi gözlənilir. Layihələrdə iqtisadi islahatların dəstəklənməsi ilə yanaşı, inzibati və məhkəmə sistemlərinin modernləşdirilməsi proqramlarının maliyyələşdirilməsi də nəzərdə tutulmuşdur. Məsələn, Azərbaycanın cəzaçəkmə yerlərinin təkmilləşdirilməsinə 1,5 milyon avro ayrılacaqdır.
Layihələr çərçivəsində statistika, gömrük və hüquq-mühafizə orqanları sahələrində mikroproqramların maliyyələşdirilməsinə, habelə gənc mütəxəssislər üçün menecer kursları açılmasına 3,4 milyon avro ayırmaq nəzərdə tutulmuşdur.
Azərbaycan tərəfindən layihələrin iştirakçıları ədliyyə, vergilər, iqtisadi inkişaf, yanacaq və energetika nazirlikləri olacaqlar.
Nümayəndəlikdən onu da bildirmişlər ki, “Azneftkimyamaş” SC-nin yenidən təchizatına TASİS kanalları ilə 500 min avro ayrılacaqdır.