İQTİSADİYYAT
Tbilisidə bərpaolunan enerjiyə həsr edilmiş beynəlxalq konfrans keçirilir
Tbilisi, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Tbilisidə Bərpaolunan enerji üzrə Regional İnvestisiya Konfransı və rəhbər komitənin birgə iclası başlayıb.
AZƏRTAC xəbər verir ki, "EU4Energy" proqramının ikinci mərhələsi çərçivəsində Gürcüstan Enerji Tənzimləyiciləri Regional Assosiasiyası ilə Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) birgə təşkil etdiyi konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Konfransda Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Levan Davitaşvili, Gürcüstan Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri David Narmaniya və başqaları çıxış edərək, regionda və dünyada enerji problemləri, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşu, bu sahədə təcrübə mübadiləsinin vacibliyindən danışıb, bu baxımdan tədbirin əhəmiyyətini qeyd ediblər.
Konfransda Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanda bərpa olunan enerji mənbələrinin strukturu, bu sahəyə investisiya qoyuluşu, bərpaolunan enerji sahəsində əldə olunan nailiyyətlər barədə müzakirələr aparılır. Konfransda Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr və əldə olunmuş nailiyyətlər barədə məruzələr dinləniləcək.
Tədbir çərçivəsində təşkil olunmuş birinci panel iclasda Azərbaycan nümayəndə heyətinin üzvü Aygün Zeynalova çıxış edərək ölkəmizdə enerji sektorunun inkişafı, bərpa olunan enerji üzrə həyata keçirilən layihələr, bu sahələrə yatırılan sərmayələr barədə ətraflı məlumat verib.
Konfrans işini sabah davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi