Tbilisidə beynəlxalq konfransda Azərbaycanda rəqabətlilik mühiti və istehlakçıların hüquqlarının müdafiəsi barədə məlumat verilib
Tbilisi, 15 noyabr, AZƏRTAC
Tbilisidə "Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi" mövzusunda ilk beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, BMT-nin və daha 11 beynəlxalq təşkilatın, eləcə də dünyanın 20-dən çox ölkəsindən mütəxəssis və ekspertlər iştirak edir.
Konfransda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları da qonaq qismində iştirak ediblər.
Konfransda müxtəlif ölkələrdə rəqabətlilik mühiti, istehlakçıların hüquqlarının müdafiəsi mexanizmləri və tənzimləyici qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlər müzakirə olunur.
Konfrans çərçivəsində təşkil olunan panel iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxış edib.
O, ölkəmizdə rəqabət siyasətinin və davamlı inkişafın xüsusiyyətləri, istehlakçıların hüquqlarının müdafiəsinin hüquqi təminatları və icra prosesi barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilir, yeni nəzarət mexanizmləri hazırlanır və qanunvericilik bazası təkmilləşdirilir.
İki gün davam edəcək beynəlxalq konfransda, biznes sektorun nümayəndələrinin, bu sahə üzrə mütəxəssislərin məruzələri dinləniləcək. Rəqabət siyasəti və tənzimlənən bazarlarda qurumlararası əməkdaşlıq mövzusunda paralel tematik sessiyalar keçiriləcək.
Sessiya iştirakçıları istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Gürcüstan və Avropanın praktiki təcrübəsini bölüşəcəklər.
Konfrans çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa dair müvafiq sənədin imzalanması nəzərdə tutulur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi