CƏMİYYƏT
Tbilisidə BMT-nin Uşaq Hüquqları Konvensiyasının 30 illiyinə həsr olunmuş konfrans keçirilib
![](/files/galleryphoto/2020/1/1200x630/1580751065146868505_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15807510653365911001_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15807510653069118046_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1580751065684710413_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15807510655479640442_1200x630.jpg)
Tbilisi, 3 fevral, AZƏRTAC
Fevralın 3-də Tbilisidə BMT-nin Uşaq Hüquqları Konvensiyasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, UNİSEF-in və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi konfransda dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, dini icma rəhbərləri, beynəlxalq və qeyri hökumət təşkilatları, eləcə də diplomatik korpus nümayəndələri iştirak ediblər.
Konfransda BMT-nin Uşaq Hüquqları Konvensiyası, Gürcüstanda Uşaq Hüquqları Kodeksi, müxtəlif dinlərdə azyaşlı və yeniyetmələrin haqları, dini icmaların və din xadimlərinin onların hüquqlarının qorunması və təbliğindəki rolu müzakirə olunub.
Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze, BMT-nin Uşaqlara Yardım Fondunun Gürcüstan üzrə nümayəndəsi Hasan Xəlil, Gürcüstan parlamentinin İnsan hüquqları, mülki inteqrasiya komitəsinin sədri Sopio Kiladze və başqaları çıxış ediblər.
Çıxışlarda Gürcüstanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər, qəbul olunmuş qanunlar, dini icmaların bu sahədəki rolu barədə ətraflı məlumat verilib.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov çıxış edərək İslamda uşaqlara verilən haqq və dəyərlər barədə danışıb.
Bildirib ki, İslamda uşaqların fiziki, mənəvi, psixoloji məsələləri, maddi ehtiyacları, eyni zamanda, dini kəlamlara əsasən, azyaşlıların yanlışlıqlardan çəkindirmə qaydaları xüsusi qeyd olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov konfransda iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi