TBİLİSİDƏ “MAQTİ–CEOSEL” OFİSİ ƏRAZİSİNDƏ PARTLAYIŞ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərdə deyilir ki, “Maqti–Ceosel” mobil telefon şirkətinin paytaxtın Vere yaşayış məhəlləsindəki ofisi ərazisində dekabrın 10-da səhər saat 6-da partlayış baş vermişdir. Şirkətin sahibi sabiq prezident E.Şevardnadzenin kürəkəni Giya Çoxtaberidzedir. Partlayış nəticəsində ofis binasının və ətraf binaların şüşələri sınmış, insan tələfatı olmamışdır. Gürcüstan Daxili İşlər və Təhlükəsizlik nazirliklərinin əməkdaşları hadisə yerini nəzərdən keçirmiş, lakin hələlik bunun terror hadisəsi olub-olmadığını nə təsdiq, nə də inkar edirlər.
Xatırladaq ki, dekabrın 9-da Tbilisinin 146 nömrəli rus–gürcü məktəbində hərbi hazırlıq dərsində əl qumbarası partlamış, məktəbin X sinif şagirdi E.Xitaryan həlak olmuş, hərbi hazırlıq müəllimi və 4 nəfər şagird isə ağır bədən xəsarəti almışdır. Bu hadisə ilə əlaqədar Gürcüstan Təhsil Nazirliyi Tbilisinin ümumtəhsil məktəblərində hərbi hazırlıq dərslərinin keçirilməsini dayandırmışdır və indi hərbi hazırlıq dərsləri üçün ayrılmış əyani vasitələr yoxlanılır. Hüquq-mühafizə orqanları bədbəxt hadisənin baş verməsi səbəblərinə aydınlıq gətirmək üçün bir neçə versiya üzərində işləyirlər.