DÜNYA
TBİLİSİDƏ MİTİNQLƏR. MÜXALİFƏTİN QEYRİ-SABİTLİYƏ ÇAĞIRIŞI
Saakaşvili bu mitinqdə də öz radikal çıxışları ilə fərqlənmiş, Eduard Şevardnadzenin istefasının alternativini görmədiyini bildirmiş və “əgər prezident inqilab istəyirsə, onu da edərik”,- demişdir. Mitinqdə iştirak edən digər partiyaların liderləri də iqtidarın, onların fikrincə, “Yeni Gürcüstan uğrunda” blokun məğlubiyyəti barədə “həqiqəti” etiraf etmədiyi təqdirdə, ölkə əhalisini kütləvi surətdə meydanlara çıxaracaqları ilə hədələmişlər. C.Patiaşvili isə əhalini vətəndaş itaətsizliyinə çağırmışdır. Axşamdan xeyli keçmiş mitinqçilərin əksər hissəsi dağılışmışdır.
Gürcüstan Prezidenti Eduard Şevardnadze bəyanat vermiş və hamını sabitliyi qorumağa çağırmışdır. O, hələlik MSK-da səslərin hesablanmasının keçirildiyi bir vaxtda müxalifətin belə addımını düzgün saymamış və onun istefasını tələb edənlərə isə özünün istefaya adət etdiyini xatırlatmış, iqtidarın qeyri-sabitliyə yol verməyəcəyini, qayda-qanuna riayət etməyənlərin qanunun bütün ciddiliyi ilə cəzalandırılacağını bildirmişdir. Hadisəyə münasibətini bildirən Acarıstan Muxtar Respublikasının başçısı Aslan Abaşidze hamını səbr, təmkin və dözüm göstərməyə çağırmış, son nəticənin məlum olmadığı bir halda özünü qalib sayanların bəyanatlarını məsuliyyətsizlik adlandırmış və faşistlər hakimiyyətə gələrlərsə, ötən əsrin 30-cu illərində törədilmiş repressiyaların yenidən başlanacağına işarə etmişdir. O, meydanları belə radikal müxalifətin tutmasına yol verilməməsi üçün sağlam qüvvələri meydanlara çağırmışdır.