CƏMİYYƏT
Tbilisidə səhiyyə sahəsində fövqəladə hallar zamanı ictimaiyyətlə əlaqələr mövzusunda görüş keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/166557833045564629_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655783305243462410_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə oktyabrın 10-12-də “Səhiyyə sahəsində fövqəladə hallar zamanı ictimaiyyətlə əlaqələr və risk kommunikasiyası” mövzusunda görüş keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, görüş Avropa İttifaqının təşəbbüsü ilə Şərq regionu tərəfdaşları ölkəsində keçirilən “Sağlamlıq naminə həmrəylik: COVID-19 pandemiyası problemlərinin həlli. Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində olub. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər arasında keçirilən görüşün əsas məqsədi ölkələrdə risk kommunikasiyası və ictimaiyyətlə əlaqələr sahəsində həm qısa, həm də uzunmüddətli dövr üçün prioritet tədbirləri müzakirə etmək, fövqəladə hallar zamanı ictimaiyyətlə əlaqələrin daha səmərəli qurulması istiqamətində iştirakçıların bilik və bacarıqlarının artırılması idi. Azərbaycan nümayəndə heyətində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Qeyri-Hökumət Təşkilatları və ÜST-nin nümayəndələri təmsil olunublar.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev COVID-19 pandemiyası dövründə ölkəmizdə görülən işlər, səhiyyə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, geniş təqdimatla çıxış edərək, Azərbaycanda COVID-19 ilə bağlı davranış anlayışları: pandemiyaya qarşı adekvat cavab tədbirləri üçün biliyin, risk qavrayışlarının, profilaktik davranışların və etibarın monitorinqi üzrə ölkəmizdə aparılan tədqiqatdan söz açıb. Ölkə təcrübələri və yeni tövsiyələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.