MƏDƏNİYYƏT
TEATRDA XEYRİYYƏ GECƏSİ
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında xeyriyyə gecəsi keçirilmişdir. Tədbirdə ölkəmizin tanınmış mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Gecədən əldə olunan vəsaitin hamısı tanınmış Azərbaycan aktrisası, respublikanın xalq artisti Natalya Tağıyevaya yardım göstərilməsi üçün xeyriyyə hesabına köçürüləcəkdir.
N.Tağıyeva F.Dostoyevskinin “İdiot” əsərindəki Nastasya Filippovnanın, U.Şekspirin “Nə istəsəniz” komediyasında Mariyanın, İf Jamiakın “Azaliya” əsərində Leanın, M.F.Axundovun “Lənkəran xanının vəziri” pyesində Ziba xanımın və bir çox başqalarının unudulmaz obrazlarını yaratmış, teatr sənətinin pərəstişkarları arasında böyük məhəbbət və şöhrət qazanmışdır.
Gecədə xalq artistləri, Rus Dram Teatrının bədii rəhbəri Aleksandr Şarovski, Fuad Poladov, Lyudmila Duxovnaya, Gülşən Qurbanova, Afaq Bəşirqızı, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomima Teatrının aktyorları, rəqqasə, “Humay” və “Qrant” mükafatları laureatı Məryəm, Zaur Teymurbəyovun rəhbərliyi ilə “Abşeşron” step-kompaninin solistləri, Azərbaycanın və Rusiya Federasiyasının xalq artisti, milyonlarla kino tamaşaçısına əfsanəvi Mixaylo təxəllüsü ilə tanış olan Nodar Şaşıqoğlu çıxış etdilər.
İnsanın həyatında elə anlar olur ki, bu zaman o, təkcə öz qüvvəsinə ümid bəsləyə bilməz. Odur ki, ilk baxışdan dəfedilməz görünən çətinliklərlə qarşılaşanda insanın ən yaxın adamlarına və dostlarına ümid bəsləməyə haqqı var. Bu fikir həmin gecədə səslənən çıxışların ana xəttini təşkil edirdi. Gülşən Qurbanova isə bildirdi ki, Gənc Tamaşaçılar Teatrında yeni mövsümün ilk tamaşasından toplanan bütün vəsait hazırda Moskva klinikalarından birində müalicədə olan Natalya Tağıyevanın şəxsi hesabına köçürüləcəkdir.
Sevimli akrisaya kömək etmək istəyənlər vəsaiti aşağıdakı rekvizitlərə köçürə bilərlər: manatla hesablaşma hesabı N 3801054 N.V.Tağıyevaya “İş Bankası Azərbaycan” MKB, Azərbaycan Respublikasının Milli Bankında müxbir hesabı 0137010019031, kod 506689, VÖİN 170031837 SWIFT kod AZEJAZ22, ABŞ dolları ilə valyuta hesabı N 3811054.